Hörmətli həmkarlar,

 

Sizi 16-21 dekabr 2024-cü il tarixində Nevroloqların Milli Assosiasiyası, Azərbaycan Uşaq Nevroloqları Cəmiyyəti və Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək Nevrologiya həftəsi-2024 tədbirinə dəvət edirik. Tədbirin təşkilatı dəstəyi “Caspian Event Organisers” tərəfindən təmin edilir. Nevrologiya həftəsi çərçivəsində Bakı aşağıdakı milli və beynəlxalq tədbirlərə ev sahibliyi edəcək:

 

— 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı, 17-18 dekabr 2024;

— Azərbaycan Nevroloqlarının 8-ci Konfransı, 18 dekabr 2024;

— Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi, 19-20 dekabr 2024;

— “EPNS” təlim kursları, 19-20 dekabr 2024.

 

Bu tədbirlərdən əlavə 16, 17 və 21 dekabr 2024-cü il tarixlərində nevrologiyanın bir sıra sahələri üzrə masterklaslar təşkil ediləcək.

Azərbaycan Uşaq Nevroloqları Cəmiyyəti hər il uşaq nevrologiyası sahəsində bir sıra maraqlı tədbirlər keçirir və bu il 17-18 dekabr 2024-cü il tarixlərində 2-ci Azərbaycan Uşaq Nevroloqları Konfransı təşkil olunacaq. Konfransın bu dəfəki mövzusu uşaqlarda baş ağrılarına və sinir-əzələ xəstəliklərinə həsr edilmişdir. Cəmiyyət eyni zamanda Avropa Uşaq Nevroloqları Cəmiyyəti ilə sıx təmasdadır və 2019-cu ildə olduğu kimi, yenə də EPNS təlim kursları Nevrologiya həftəsi daxilində 19-20 dekabr tarixlərində təşkil edimişdir.

2011-ci ildə təsis edilmiş Nevroloqlar Milli Assosiasiyasının əsas fəaliyyəti ölkəmizdə nevrologiyanın inkişafına istiqamətlənir. Bu baxımdan periodik olaraq nevroloqlarla görüşlər təşkil edilir. Bu görüşlərdən ən çox iştirakçı qeydiyyatı olan Azərbaycan Nevroloqlarının Konfransıdır ki, 8-ci konfrans 18 dekabr 2024-cü ildə baş tutacaqdır. Konfrans nevrologiyanın bir sıra sahələrini əhatə edir və yerli və xarici məruzəçilərin maraqlı çıxışları ilə yadda qalacaq.

Nevrologiya həftəsi-2024 daxilində Nevroloqların Milli Assosiasiyasının təşəbbüsü ilə Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi keçiriləcək. Tədbir bu sahədə dərin təcrübəsi olan mütəxəssislər tərəfindən təşkil olunmuşdur.

Birinci Konqres 2013-cü ilin dekabr ayında Bakıda, növbəti Konqreslər isə 2017-ci ildə Qazaxıstanın Almatı şəhərində (II), 2018-ci ildə Özbəkistanın Buxara şəhərində (III) və IV Konqres 2019-cu ildə təkrar olaraq Bakı şəhərində keçirilmişdir. Bu sahədə illərin təcrübəsi, eləcə də keçirilmiş bir çox tədbirlər bizə konqresi beynəlxalq standartlara uyğun ən yüksək səviyyədə keçirməyə imkan verir.

 

Sizi 16-21 dekabr tarixlərində Nevrologiya həftəsi-2024-də gözləyirik.

 

Hörmətlə,

 

Rəna Şirəliyeva, professor, sədr,
Nevroloqların Milli Assosiasiyasının Prezidenti,
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri.